Yoxsuzun şeirləri
Məni dünənə görə üzrlü say,
Bu barədə sənə heç nə demədim.
Sən də heç nə hiss etmədin,
Mən axı, üzrlü idim.
Bütün tanrılar mənim sağlığıma içdilər,
Mən üzrlü idim!!...
***
Mən bütün gələcəyi dün yaşadım,
Qurtardım.
Keçmişləri on gün bundan qabaq.
İndi isə qollarımı açıb səni yaşayıram-
Səni.
***
Mən kainatın bütün boşluqlarını
Öz yoxluğumla doldurdum.
Mən bütün varlıqlara üfürdüm,
Öz yoxsuz nəfəsimlə.
***
Mən sol tərəfimi yandırdım,
Sağımı işıqlandırdım.
Mən ayağımı yandırdım,
Başımı işıqlandırdım.
Mən hər yerimi yandırdım
Hər yanı işıqlandırdım.
Bu işıqdır, işıq...
Qorxmayın yanğımdan!!
***
Uşaqlar, biz böyüdük,
qocaltdıq cavanları,
Uşaqlar, biz qocaldıq,
cavanlaşdı kainat.
Uşaqlar, biz böyüyük,
çox böyüyük...
