(Universitetdə şeirlərimlə maraqlanan bir muəllimim Qarabağ mövzusunda şeirim olub-olmadığını soruşdu.Sonra nədənsə “Qarabağ şikəstəsi”ndəki birinci bayatını bilib-bilmədiyimlə də maraqlandı.Bayatını dedim.Amma ondan ayrılan kimi,bir zamanlar Ağabəyim Ağanın dəyişdiyi kimi mən də xəyalımda o bayatının son misralarını dəyişdim.)
Məni qınamasın qoy el sevərlər,
Bal yalandan acı həqiqət yaxşı.
Nağıla çevrilib artıq Qarabağ,
Qurumaz gözümün çağlayan yaşı.
Tarixə söykənib yatdıq arxayın,
Şirin röyalardan heç oyanmadıq.
Paslandı qınında misri qılınclar,
Boş-boş danışıqdan heç usanmadıq.
Biz xəyal içində mürgü döyərkən,
Tarix saxtalaşdı,il saxtalaşdı.
Qoynunda babamın ruhu dolaşan
Qarabağ adında el saxtalaşdı.
Budur dünyamızın qurduğu oyun,
Yamanlar yaxşıdır,yaxşılar yaman.
Həqiqətin qolunu zəncirləyər,
Yalanın xeyrinə işləyər zaman.
Körpələr doğuldu Azərbaycanda,
Vətənə vurulmuş dağdan xəbərsiz.
Körpələr doğuldu Azərbaycanda
,Öz torpağı Qarabağdan xəbərsiz.
Arzuya çevrilib bu dilbər guşə,
Yalnız xəyallarda yaşayır indi.
Çadırda doğulub böyüyənlərə,
Qarabağ nağılı söylərik indi.
“Biri vardı,biri yoxdu Vətəndə,
Cənnətin qucağı bir məkan vardı.
Bir gün tufan qopdu,mənfur erməni,
Qarabağı öz caynağına aldı...”
Elə yarıdaca qaldı bu nağıl,
Nakam şəhidlərin həyatı kimi.
Bu boyda el dərdi,Qarabağ dərdi,
Səsləndi kiçicik bayatı kimi.
Beləcə nağıla çevirdik dərdi,
Nağıllaşdı igidlik də,qeyrət də
Biz də nağıl kimi olduq yarımçıq,
Vaxtsız söndü düşmənlərə nifrət də.
Görən yetəcəkmi sona bu nağıl?
Bununçün bizlərdə cəsarət lazım.
Qalxın,ey vətənin mərd oğulları,
Bu nağlın davamın özünüz yazın.
Yoxsa “Yaddan çıxmaz Qarabağ”-deyən
Şikəstənin sözləri dəyişəcək.
Biz yenə də bu gedişlə gedərsək
O nağılın sonu belə bitəcək:
Əziziyəm Qarabağ,Şəki,Şirvan ,Qarabağ.
Keyf eylədik doyunca,
Yaddan çıxdı Qarabağ.


BU YAZINI OXUDUM COX GOZEL 1 MOVZUDU AQRILI ACILI INSELLAH QARABAQI ALACAYIQ
May 28, 2008 0:45